Unibank fərdi reytinqini artırdı
10 Fevral 2010 Çərşənbə 11:00
Beynəlxalq reytinq agentliyi Unibankın reytinqini həmhüdud dərəcəsinə qədər yüksəldib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” Kommersiya Bankı” ASC-nin fərdi reytinqini “E” dərəcədən “D/E” həmhüdud dərəcəsinə qədər artırdı. Bununla yanaşı, agentlik banka münasibətdə əvvəl verdiyi reytinqlərini təsdiqləyib. Emitentin defoltu reytinqi (IDR) “B –” (B minus) səviyyəsində, “Sabit” proqnozla təsdiq edildi, qısamüddətli reytinq “B” səviyyəsində, dəstəklənmə reytinqi isə “5” səviyyəsində müəyyən olunub.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fərdi reytinqin artırılması, 2009-cu ildə həyata keçirilmiş nizamnamə kapitalının 30 milyon manata qədər artırılmasından irəli gələn bank likvidliyin yüksəlməsini və maliyyə göstəricilərinin möhkəmlənməsini əks etdirir.
“Fitch”in analitikləri belə hesab edirlər ki, kapitalın ikiqat artırılmasından sonra bank, mümkün olan itkilərin absorbasiyası üçün əhəmiyyətli imkanlara malikdir və əməliyyat mühitinin riskləri və çətinliklərinin öhdəsindən gəlmək üçün kifayət dərəcədə yaxşı mövqe tutur.

“Fitch”in reytinqləri həmçinin bankda müştəri bazasının ölçülərini, passivlər strukturunun diversifikasiyasını, eləcə də AYIB, Almaniyanın “DEG” (Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH) sərmayə qrupu, Niderlandın maliyyə inkişaf şirkəti (“FMO”) və Avstriya İnkişaf Bankı (“OeEB”) tərəfindən 2009-cu ilin ikinci yarımilliyin əvvəlində ayrılan 83 milyon dollar həcmində maliyyə paketi hesabına genişlənən fondlaşdırılma bazasını nəzərə alır.

“Bankın fərdi reytinqinin qaldırması ilə “Fitch” agentliyi dünya iqtisadi böhranı zamanı lazımı vaxtda və peşəkar səviyyədə bizim həyata keçirdiyimiz addımlarımızı yüksək qiymətləndirib. Əldə etdiyimiz yeni fərdi reytinq qiymətləri bankın müstəqil maliyyə sabitliyini və qısamüddətli perspektivdə artım potensialını əks etdirir”, - deyə “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bəyan edib.

Onun sözlərinə görə, bank bundan sonra da beynəlxalq agentliklər tərəfindən yüksək reytinq qiymətlərinin verilməsinə səbəb olan şəffaflıq və müstəqillik prinsiplərini əsas tutacaqdır. “Biz həmçinin şadıq ki, “Fitch”in “Unibank”a qarşı reytinq addımları 2010-cu ildə Azərbaycan banklarına verdiyi ilk pozitiv addımlarından biri hesab etmək olar”, - deyə F.Hüseynov qeyd edib.

Xatırladaq ki, 2009-cu ilin aprel ayında “Fitch Ratings” “Unibank” ASC-nin uzunmüddətli reytinqini “В - ” (“В minus”) səviyyəsində, uzunmüddətli reytinqini – “В” səviyyəsində, reytinqlər üzrə “Sabit” proqnozu ilə təsdiq etmişdi. Elə o zaman dəstəklənmə reytinqi “5” səviyyəsində, bankın fərdi reytinqi isə “E” səviyyəsində müəyyən edilmişdi ki, bu da bankı kənardan dəstəklənməsi tələb edilən maliyyə institutu kimi səciyyələndirirdi.

Qeyd edək ki, “Fitch” tərəfindən yalnız banklara verdiyi fərdi reytinq, onların mövqelərinin, kənardan dəstəklənmə nəzərə alınmadan, qiymətləndirilməsi məqsədi ilə verilir. Bu reytinqlər bankın risklərə məruz qalma səviyyəsini qiymətləndirir və kənardan dəstəklənmə tələb olunduğu əhəmiyyətli çətinliklərin meydana gəlməsi ehtimalı baxımından agentliyin rəyini əks etdirir. Fərdi reytinqin müəyyən edilməsi zamanı təhlil olunan başlıca amillərə bankın gəlirliliyi, şəffaflığı, kapitallaşdırılması, müştəri bazası və ölçüləri, idarəetmə səviyyəsi, bank fəaliyyətinin diversifikasiyası, iqtisadi mühit və inkişaf perspektivləri aiddir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar