Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsi bərpa olunduqdan «Unibank» ASC mənzil almaq məqsədi ilə kredit üçün Banka daxil olan 102 müraciətdən 73-nə müsbət cavab verib.
Bankın ictimaiyyətlə əlaqələr departamentindən ANS PRESS-ə verilən məlumata görə, AİF tərəfindən maliyyələşdiriləcək və Bank tərəfindən təsdiqlənən ipoteka kreditlərinin məcmu məbləği cari ayın əvvəlinə 3 milyon manat təşkil edib ki, bu da İpoteka Fondunun müvəkkil bankları arasında ən yaxşı göstəricilərindən biridir.
Ümumilikdə «Unibank»-a müraciət edən potensial ipoteka kredit cəlb edənlərin 2/3-si ipotekanın maliyyələşdirilməsinə razılıq alıb. Təkcə Fonddan alınmış ilk milyonluq tranş çərçivəsində «Unibank» 22 ipoteka krediti ayırıb ki, onların da bir hissəsi güzəştli kreditlərdir.
Kreditlərin orta müddəti 293 ay, borcalanların orta yaş göstəricisi isə – 31 yaşdır. Həmin kreditlər əsasında alınan mənzillərin orta qiyməti 41 min manatdan bir qədər artıqdır.
«Biz AİF xətti ilə yayın ilk iki ayı ərzində aparılan ipoteka kreditləşməsinin nəticələrindən razıyıq. Bank, demək olar ki, bu sahədə qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gəlib», - deyə «Unibank»-ın Riteyl xidmətləri üzrə direktoru Faiq Zeynalov bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə təşkilati işlərə və kreditlərin verilməsi texnologiyasının mənimsənilməsinə çox diqqət ayrıldığı nəzərə alınarsa, hazırda, artıq bütün proseslər sazlandıqdan sonra, «Unibank»ın ipoteka portfelinin həcmini iki dəfə artırmaq imkanı var.
Qeyd edək ki, «Unibank» ASC AİF-in fəaliyyətə başladığı ilk vaxtlardan Mərkəzi Bank yanında İpoteka Fondunun müvəkkil bankları sırasındadır. AİF tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditləri «Unibank» tərəfindən milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla ölkə vətəndaşlarına 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği 50 000 manatdan artıq ola bilməz, bu kreditlər üzrə aylıq ödəniş isə borcalanların məcmu gəlirilərinin 70%-dən artıq olmamalıdır.
Bundan əlavə, ipoteka kreditinin məbləği, kredit verilən zaman alınacaq yaşayış sahəsinin bazar qiymətinin 85%-dən artıq olmamalıdır. İmtiyazlı şəxslərə ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4% olmaqla 35 il müddətinə və maksimum 35 min manat məbləğində verilir./ANS PRESS/