Ukraynada 7 “SOCAR” yanacaqdoldurma məntəqəsi açıldı
22 Yanvar 2011 Şənbə 09:55
Ukraynanın Nikolayev və Odessa vilayətlərində də “SOCAR” brendi YDM-lər fəaliyyət göstərəcək.
Ukraynanın Nikolayev və Odessa vilayətlərində “SOCAR” brendi ilə fəaliyyət göstərəcək ilk 7 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib. Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, açılış mərasimlərində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, yeni məntəqələr “SOCAR Energy Ukraine” MMC tərəfindən idarə olunacaq. Məntəqələrdən ikisi Nikolayev şəhərində, biri Nikolayev vilayətinin Novaya Odessa şəhərində, ikisi Nikolayev vilayətinin Sebino kəndində, biri Odessa şəhərində, biri Odessa vilayətinin Sıçavskaya kəndində istifadəyə verilib. Bütün məntəqələr müasir texnologiyalar əsasında tikilib və yüksək standartlara uyğun təchiz edilib. Məntəqələrdə marketlər, ana və uşaq otaqları, aptek və digər yardımçı otaqlar fəaliyyət göstərəcək, istehlakçılara internet xidmətləri təklif olunacaq.
Məntəqələrin açılışında ARDNŞ rəhbərliyi ilə birlikdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, “SOCAR Energy Ukraine” MMC şirkətinin nümayəndələri, Odessa və Nikolayev vilayətlərinin vitse-qubernatorları və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: