Türkmənistan da BTC-yə qoşuldu
11 Avqust 2010 Çərşənbə 10:40
Bu, iyul ayında imzalanan yeni nəql sazişinə əsasən reallaşıb.
Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə 13,4 milyon dollar xərclənib. Bütün il üçün BTC əsaslı xərclərinin 69 milyon dollar olacağı planlaşdırılır. “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il ikinci rübün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 125.6 milyon ton (təxminən 938 milyon barel) xam neft Ceyhanda 1195 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. BTC vasitəsilə bu ilin birinci yarısında təqribən 18 milyon ton və ya 136 milyon barel neft ixrac olunub.
Hazırda BTC boru kəməri Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin, Qazaxıstandakı “Tengiz” yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,1 faiz); AzBTC (25.00 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz); ENİ (5.00 faiz); Total (5.00 faiz), İtoçu (3,40 faiz); İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və Hess (2,36 faiz) şirkətləridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: