Türkiyəli ekspertlər qaz sazişini tamamlamaq üçün Bakıya gəlir
07 May 2010 Cümə 15:00
Bu barədə ARDNŞ-in İnvestisiyalar İdarəsinin rəisi məlumat verib.
Türkiyənin BOTAS şirkətinin ekspert qrupu Azərbaycan və Türkiyə arasında qaz müqaviləsinə dair sazişlər paketinin hazırlanması üçün mayın 10-da Bakıya gələcəklər. Bu barədə Turan-a Azərbaycan Dövlət Neft Şirkətinin İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, sənəd üzərində iş üç-dörd gün davam edəcək.
Bundan əvvəl tərəflər saziş layihəsini razılaşdırıblar və aprelin 26-da müvafiq protokol imzalayıblar. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız ARDNŞ rəhbəri Rövnəq Abdullayev ilə danışıqlarından sonra qazın qiyməti ilə bağlı razılığın əldə olunduğunu bildirib.
Qaz üzrə ikitərəfli Azərbaycan-Türkiyə danışıqlarında aşağıdakı məsələlər paketi müzakirə olunur:
“Şahdəniz” qazının qiyməti; “Şahdəniz”in ikinci mərhələsində Türkiyə tərəfindən alınan qazın həcmi; Türkiyə ərazisi ilə nəql olunan qazın tranzit qiymətləri; Azərbaycanın Türkiyə bazarında satdığı qazın həcmi.
Sazişin mayın 16-da Türkiyənin baş naziri Ərdoğanın Bakıya səfəri zamanı imzalanacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: