Qlobal iqtisadi böhran Yaponiyanın, eləcə də dünyanın aparıcı avtomobil istehsalçısı «Toyota» şirkətinə də təsir edib. Ekspertlərin proqnozlarından fərqli olaraq, martın 31-də başa çatan son maliyyə ilini avtokonsern son 60 ildə ən böyük ziyanla başa vurub.
Yaponiyanın «Toyota» şirkətinin son maliyyə ilinin göstəricilərinə görə, zərəri 437 milyard yen və ya 3,3 milyard avro olub. Şirkətin proqnozlarına görə, cari maliyyə ilində «Toyota»nın zərəri 6,5 milyard avroya qədər arta bilər. Çünki satış həcminin 14 faiz aşağı düşəcəyi gözlənilir.
Korporasiyanın rəhbəri Katsuki Vatanabenin sözlərinə görə, Hindistan, Çin kimi ölkələrdən müsbət siqnallar alınmasına baxmayaraq, Avropa və Amerikaya iqtisadiyyatını dirçəltmək, bazarlardakı vəziyyəti düzəltmək və bərpa etmək üçün vaxt lazımdır: «Məhz buna görə, bizə gələcəkdə gözlənilən çətinliklərə sadəcə hazır olmaq qalır».
Qeyd edək ki, «Toyota»nın əsas bazarını Amerika Birləşmiş Ştatları və Yaponiya təşkil edir. Yeri gəlmişkən, dünyadakı maliyyə böhranı səbəbindən bütün dünya üzrə avtomobillərə tələbatın azalması ilə rəqibləri kimi «Toyota» da istehsalını aşağı salmağa başlayıb. Görülən tədbirlərə baxmayaraq, yanvar ilə mart ayı arasında konsernə 5 milyard avroluq ziyan dəyib. Verilən məlumatlara görə, artıq iyun ayında uğursuzluqla üzləşən şirkətə Akio Toyoda rəhbərlik edəcək. /ANS TV/