Tovuzda sahibkarlar üçün treninq keçirilib
19 Mart 2012 Bazar Ertəsi 20:19
Treninq "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda olub.
Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin nümayəndələri, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib.
Treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
DOSTLARINLA PAYLAŞ: