Total Azərbaycan şirkətinə yeni baş meneceri təyin edilib
14 Dekabr 2011 Çərşənbə 18:56
Total Azərbaycan şirkətinə yeni baş meneceri təyin edilib. ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin rəhbərliyini qəbul edib.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Total-Azərbaycan” şirkətinin rəhbərliyini qəbul edib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin baş meneceri Maykl Föyad vaxt tapıb onları qəbul etdiyinə görə ARDNŞ prezidentinə təşəkkür edib. M.Föyad bildirib ki, onun Azərbaycandakı səlahiyyət müddəti başa çatır.

Daha sonra M. Föyad çalışdığı müddətdə ARDNŞ ilə hərtərəfli və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf edib dərinləşməsi üçün əlindən gələni əsirgəmədiyini söyləyib. O, ötən müddətdə ARDNŞ rəhbərliyi tərəfindən daim dəstəkləndiyini vurğulayıb və buna görə R.Abdullayevə minnətdarlığını bildirib.

Sonra M. Föyad “Total-Azərbaycan” şirkətinin yeni təyin olunmuş baş meneceri Kristian Qyudiçellini ARDNŞ rəhbərliyinə təqdim edib. M.Föyad deyib ki, o, istər mühəndis, istərsə də menecer kimi böyük təcrübəyə malikdir. K. Qyudiçelli indiyə qədərki əmək fəaliyyəti haqda məlumat verib və Azərbaycana təyin olunmasından şad olduğunu söyləyib.

ARDNŞ prezidenti R. Abdullayev “Total-Azərbaycan” şirkətinin yeni təyin olunmuş rəhbəri K. Qyudiçelliyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə istehsalat məsələləri ilə yanaşı, ARDNŞ-nin kadr hazırlığı və təhsil sahələrində həyata keçirdiyi layihələr, o cümlədən yeni yaradılacaq Bakı Ali Neft Məktəbi layihəsi çərçivəsində “Total” şirkəti ilə əməkdaşlığın mümkünlüyü və perspektivləri müzakirə edilib. Tərəflər onları maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar