Texnika Bank nizamnamə kapitalını artırır
15 Fevral 2011 Çərşənbə Axşamı 11:02
Texnika Bank kapitallaşmasını 11 milyon manat çoxaldır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Texnika Bank" ASC-nin ümumi məbləği 11,07 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiyasını qeydə alıb. QKDK-ın İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 11 070 səhm buraxılıb.
Qeyd edək ki, bu ilin fevralın 1-nə olan məlumata görə, bankın nizamnamə kapitalı 53,69 milyon manat, məcmu kapitalı isə 64,54 milyon manat təşkil edib. "Texnika Bank" ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir, 2007-ci ilədək 100 faizli Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: