TBC Kredit kredit portfelini 19 faiz artıb
24 Yanvar 2011 Bazar Ertəsi 10:45
Bu ilin sonuna TBC Kredit kredit portfelini 30 milyon dollara qədər artırmağı planlaşdırır.
Ötən il “TBC Kredit” müştəri bazasını artırmağa nail olub. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunun nəticəsində kredit portfeli 2009-cu ilin dekabrın sonuna olan göstəricilərlə müqayisədə 19 faiz artıb.

Belə ki, 31 dekabr 2010-cu il tarixinə kredit portfeli 1973 aktiv müştəri sayı ilə 19,3 milyondollara çatıb. Portfeldə biznes kreditləri üstünlük təşkil edir – 54 faiz, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq – 28 faiz və 18 faizdir. Biznes kreditləri portfelinin 20 faizini mikrobiznes kreditləri təşkil edir.

“TBC Kredit” tərəfindən seçilmiş inkişaf strategiyası kredit portfelinin keyfiyyətini qoruyub saxlamağa, kreditləşmənin həcmini artırmağa və uzunmüddətli vəsait cəlb etməyə imkan yaradıb. 2010-cu il ərzində kompaniya 2009-cu ilin noyabrında təsdiq olunmuş 12 milyon dollarlıq uzunmüddətli kredit çərçivəsində OPİC-dən (Overseas Private Investment Corporation, USA) bir neçə tranşlarla ümumi 5,5 milyon dollar alıb.

“TBC Kredit” keçən il ərzində daha əlverişli şərtlərin təklifi hesabına 2009-cu il ilə müqayisədə əhaliyə verilən kreditlərin həcmini artırıb. Belə ki, biznes kreditləri üzrə faiz dərəcələri aşağı salınıb və minimal illik faiz dərəcəsi 18 faiz təşkil edib. Verilən girovsuz istehlak kreditlərinin məbləği 2 dəfə artırılıb (10000 manata qədər). İpoteka kreditləri üzrə faiz dərəcələri 4 faiz aşağı salınıb, 2011-ci ilin yanvarından etibarən isə illik faiz dərəcəsi 14 faiz təşkil edir.

2011-ci ilin sonuna “TBC Kredit” kredit portfelini 30 milyon dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin həcminin artırılması qalır.

Şirkət sabit mövqeyi və inkişaf prespektivləri beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda cəlbedici amildir. 2011-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) ilə kredit xəttlərinin verilməsi üçün uzunmüddətli müqavilələrin bağlanması gözlənilir.

Qeyd edək ki, “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a (Gürcüstan), 25 faizi isə “ShoreBank International Ltd” (ABŞ) şirkətinə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar