Taner Yıldız: Türkiyə artıq Nabucco layihəsi ilə bağlı məsuliyyət daşımır
18 Noyabr 2011 Cümə 16:46
Türkiyə “Nabucco” layihəsi çərçivəsində üzərinə düşəni artıqlaması ilə yerinə yetirib.
“APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji naziri Taner Yıldız bildirib.
Onun sözlərinə görə, Türkiyə artıq layihəyə ilə bağlı məsuliyyət daşımır: “İndi məsuliyyət layihədəki altı ortağımızın üzərinə düşür”.
Türkiyəli nazir bildirib ki, bir müddət əvvəl Azərbaycanla imzalanmış qaz sazişi “Nabucco”nun “önünü tamamən açıb” və indi bu iri layihənin həyata keçirilməsi barədə avropalılar düşünməlidirlər. O, “Şimal axını” xəttinin istismara verilməsini də “Nabucco”nun əngəllənməsi kimi qəbul etmədiklərini vurğulayıb.
Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
DOSTLARINLA PAYLAŞ: