Taner Yıldız: “Nabucco üçün əsas tədarükçülər Azərbaycan və İraqdır”
26 Avqust 2010 Cümə Axşamı 00:25
Taner Yıldız: “Hazırda Nabucco üçün üç tədarükçü ölkə nəzərdə tutulur”.
Hazırda Nabucco üçün üç tədarükçü ölkə nəzərdə tutulur. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. Onun sözlərinə görə, bunlardan ikisi - Azərbaycan və İraq ən aktual tədarükçülərdir. Digər tədarükçü isə Türkmənistandır. Nazirin sözlərinə görə, Nabucco kəmərinə üç təməl nöqtədən qaz nəql oluna bilər: “Bunlardan birincisi, Gürcüstan sərhədindən Azərbaycan qazının girişidir. Biz ötən həftə Bakıda da bu məsələni geniş müzakirə etmişik. İkincisi isə, İraqın şimalından qaz nəqlidir. İraq rəhbərliyi Nabucco üçün qazın həcmini 15 milyard kubmetrə çatrdıracağını da bəyan etmişdir. Üçüncü nöqtə ilə bağlı, yəni Türkmənistan qazının nəqlinə dair danışıqlar isə davam edir”.
Taner Yıldız daha sonra demişdir ki, İranla enerji sahəsində əməkdaşlıq məsələlərində BMT Təhlükəsizlik Şurasının sanksiyaları hüquqi baxımdan Türkiyəyə da aiddir. Lakin, bu sanksiyalar daxili tələbat üçün İrandan alınan təbii qaz və xam neftə şamil olunmur. Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində bu ticarəti davam etdirir. Emal olunmuş neft məhsulları ticarəti isə özəl sektora məxsusdur. ABŞ və Avropa İttifaqının qərarları istiqamətində yerinə yetiriləcək bir sanksiya olacaqsa, buna özəl şirkətlər özləri qərar verməlidirlər. Türkiyə BMT Təhlükəsizlik Şurasının sanksiyalarının əleyhinə heç bir addım atmır, lakin qaz və neft ticarəti bunun xaricində olan bir məsələdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: