SOCAR Trading SA şirkətinin təsisçiləri arasında fiziki şəxs yoxdur
19 İyul 2012 Cümə Axşamı 21:32
Dövlət Neft Şirkəti tərkibindəki bəzi şirkətlərlə bağlı yayılan məlumatlara açıqlama gətirib.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “SOCAR Trading SA”, “Supra Holding Limited” və “SOCAR Black Sea” şirkətləri ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlarla bağlı açıqlama yayıb.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, açıqlamada qeyd olunub ki, son günlər ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirdiyi strateji layihələrin uğur qazanmasını, şirkətin beynəlxalq miqyasda artan nüfuzunu gözü götürməyən bir sıra bədxah qüvvələr tərəfindən onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdandır ki, davam edən sistemli qarayaxma kampaniyası yenidən qızışdırılır.

“Bu kampaniyanın tərkib hissəsi kimi səriştəsiz, əsassız və qondarma “araşdırmalar” aparılır, həmin “araşdırmalar”ın heç bir tənqidə duruş gətirməyən saxta “nəticələri” siyasi maraqları ölkənin ümumi inkişaf xəttinə uyğun gəlməyən dairələrin xidmətində olan mətbuat orqanlarında yerləşdirilir və ictimai rəyi çaşdırmaq yolu ilə ARDNŞ-in gün-gündən atrmaqda olan beynəlxalq imicinə zərbə vurmaq məqsədi güdülür” – deyə, açıqlamada bildirilib.

Şirkət bəyan edir ki, istər Azərbaycan ərazisində, istərsə də ayrı-ayrı xarici ölkələrdə həmin qüvvələrin çirkin niyyətləri həmişə olduğu kimi, ifşa olunacaq, beynəlxalq hüquq normaları çərçivəsində onlara qarşı adekvat tədbirlər görüləcək.

“Azərbaycanda hasil olunan irimiqyaslı xam neft həcmlərinin dünya bazarına müstəqil şəkildə çıxarılması və ixracın çevikliyinin təmin edilməsi üçün 2007-ci ilin dekabrında İsveçrədə, Cenevrə şəhərində ARDNŞ-in ortaq treydinq şirkətinin- ”SOCAR Trading SA” şirkətinin təsis edilməsi bu baxımdan əlamətdar hadisə olub.

Tarixdə ilk dəfə Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında “Azəri Layt” markalı neftin bazarlanması, dünya bazarında rəqabət qabiliyyətinin artırılması, son iştehlakçılara çatdırılması, qeyri-Azərbaycan mənşəli xam neft və neft məhsullarının alqı-satqısı kimi olduqca mühüm məqsədlər qoyulan bu treyder şirkətinin məhz Cenevrədə yaradılması və 2008-ci ilin aprelindən fəaliyyətə başlaması təsadüfi deyildi.

Cenevrə Avropadakı əsas işgüzar mərkəzlərdən biridir və neft sənayesi, maliyyə və bank sektorundakı bir çox əsas iştirakçıların baş ofis və nümayəndəlikləri məhz bu şəhərdə cəmləşib.

”SOCAR Trading SA” şirkətinin sonrakı uğurlu fəaliyyəti bu seçimin düzgün olduğunu sübut etdi. ARDNŞ-in ortaq treyder şirkəti qısa müddətdə, cəmi 4 il ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib, böyük beynəlxalq nüfuz qazanıb, fəaliyyət dairəsini genişləndirib.

”SOCAR Trading SA” şirkətinin təsisçisi “Supra Holding Limited” şirkətidir ki, burada da ARDNŞ əvvəllər 50 faiz paya sahib olub, hazırda isə 80 faiz payın sahibidir. Nə ”SOCAR Trading SA” şirkətinin, nə də onun təsisçisi olan “Supra Holding Limited” şirkətinin təsisçiləri arasında fiziki şəxs yoxdur və heç vaxt olmayıb” – deyə, şirkətin açıqlamasında qeyd olunub.

Bildirilib ki, bəzi mənbələrdə yanlış olaraq ”SOCAR Trading SA” şirkətinin təsisçiləri kimi qələmə verilən fiziki şəxslər əslində həmin şirkətin İdarə Heyətinin üzvləridirlər. Onların bir qismi həmin şirkətdə, bir qismi isə SOCAR-da yüksək vəzifələr tutur və öz vəzifə fəaliyyətlərinə görə ”SOCAR Trading SA” şirkətinin İdarə Heyətində təmsil olunurlar.

“”SOCAR Trading SA” şirkətinin baş icraçı direktorunun müavini Zaur Qəhrəmanova gəlincə, o, ümumiyyətlə, nəinki şirkətin təsisçisi, heç İdarə Heyətinin üzvü də deyil. Bu şirkətin idarə olunmasında iştirak edən şəxslərin məqsədyönlü şəkildə “təmsilçilər” kimi qələmə verilməsi “araşdırmaçı”ların səriştəsizliyinin və məsələyə qərəzli mövqedən yanaşdıqlarının göstəricisidir”.

“SOCAR Black Sea” şirkəti ARDNŞ-in ixrac fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə, neft məhsullarının Ukrayna ərazisinə çatdırılması üçün “SOCAR Trading SA” və Ukrayna şirkəti olan “ROSSİM” tərəfindən təsis edilib. “Göründüyü kimi, bu şirkətin də təsisçiləri arasında fiziki şəxslər yoxdur”.

Ötən il SOCAR ABŞ-ın “ExxonMobile” şirkətinin İsveçrədəki bölməsi olan “Esso Schweiz GmbH” şirkətinin səhmlərinə sahib olub. Bu əməliyyatın həyata keçirilməsi məqsədi ilə 100 % şirkətə məxsus olan “SOCAR Energi Switzerland Holding SA “ şirkəti yaradılıb.

Başqa sözlə, təsisçi qismində ARDNŞ çıxış edib. “Esso Schweiz GmbH” şirkətinə məxsus səhmlərinin alınması üzrə ödənişlər də ARDNŞ-ə məxsus bank hesabından köçürmə vasitəsilə həyata keçirilib və bu, Şirkətin maliyyə hesabatlarında öz əksini tapıb.

Onu da qeyd etmək lazımdır ki, həmin alqı-satqı müqaviləsinə əsasən “SOCAR Energi Switzerland Holding SA” şirkətinin aktivinə keçmiş yanacaqdoldurma məntəqələri ərazisində yerləşən mağazaların idarə edilməsi məqsədi ilə qida məhsullarının pərakəndə satışı üzrə dünyada məhşur olan “Migros” şirkəti arasında alyans müqaviləsi imzalanıb.

“İstər bu, istərsə də İsveçrədə ARDNŞ-in həyata keçirdiyi investisiya layihələri haqqında digər məlumatlar “SOCAR Trading SA” şirkətinin veb-saytında yerləşdirlib və ictimaiyyət üçün tamamilə açıqdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar