SOCAR-AQŞ daha bir quyuda qazma işlərini başa çatdırıb
27 May 2013 Bazar Ertəsi 13:06
Şirkət bu il sayca 2-ci olan 47 saylı quyunun tikintisi işlərini yekunlaşdırıb.
Azərbaycan Dövlət Neft Şirkətinin “Abşeron Qazma Şirkəti” (SOCAR-AQŞ) Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 13-dən qazdığı 47 saylı quyunun tikintisi işlərini başa çatdırıb. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, layihə dərinliyi 4150 metr olan quyuda faktiki qazma işləri Qırmakialtı Lay Dəstəsinə (QAD) 4236 m dərinliyə kimi aparılıb.
Qeyd edək ki, 47 saylı quyuda qazma işləri 8 fevral 2013-cü ildə başlayıb və bu quyu “Günəşli” yatağının dayazsulu hissəsində Qırmakialtı Lay Dəstəsinə (QLD) qazılmış quyular silsiləsindəndir.
SOCAR-AQŞ cari ilin sonuna kimi DDSÖ 11-dən 234 saylı, DDSÖ 13-dən isə 350 saylı quyularda qazma işlərini tikinti ilə sifarişçiyə təhvil verməyi planlaşdırır.
Qeyd edək ki, SOCAR-AQŞ MMC “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” (51%) və “Abşeron Qazma Şirkəti” (49%) tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması; neft və qaz quyularının qazılması; maili istiqamətləndirilmiş quyuların qazılması; horizontal quyuların qazılması; quyuların mənimsənilməsi; quyuların əsaslı təmiri; yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlər təqdim edilməsindən ibarətdir.
Hazırda SOCAR-AQŞ Dayaz Sulu Günəşli yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. Müəssisə 2009 ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsinə görə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. SOCAR-AQŞ API Q Plyus sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
DOSTLARINLA PAYLAŞ: