Sığorta işinin əsasları mövzusunda seminar keçirilib
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Sığorta işinin əsasları mövzusunda seminar keçirilib. Treninqin 20 saatlıq proqramı 8 moduldan ibarət olub.
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin və “Allianz Consult” konsaltinq şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil edilmiş “Sığorta işinin əsasları” adlı treninq-seminar başa çatıb. ASA-dan ANS PRESS-ə verilən məlumata görə, treninq noyabrın 16-dan 19-dək keçirilib.

Treninqin 20 saatlıq proqramı 8 moduldan ibarət olub və özündə aşağıdakıları ehtiva edib: Sığorta haqda ümumi anlayışlar, sığorta işinin təşkili və normativ-hüquqi baza, sığorta hüququnun əsas elementləri, sığorta və maliyyə sektorları, sığorta riskləri və tarifləri, sığorta fəaliyyətinin iqtisadiyyatı, sığortanın növləri, sığorta hadisələrinin tənzimlənməsidir.

Treninq iştirakçıları - “AzSığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta”, “A-Group Sığorta”, “AtaSığorta”, “Rəvan Sığorta”, “İpək Yolu Sığorta”, “Paşa Sığorta”, “Xalq Sığorta”, “Qarant Sığorta”, “Standard İnsurance”, “Amrah Sığorta”, “Bakı Sığorta”, “Pasha Sığorta” şirkətlərinin nümayəndələri öyrənmək, daima inkişaf etmək, həmkarları ilə ünsiyyət istəklərini bir daha nümayiş etdirib.

Treninq başa çatdıqdan sonra iştirakçılar yarım saatlıq ekspress-test keçiblər ki, bunun da nəticəsi tədrisin yüksək səviyyədə olmasını və iştirakçıların tədris prosesinə yüksək dərəcədə cəlb olunmasını təsdiqləyib. Testlərin nəticələrinə görə ən yüksək xalı – “Paşa Sığorta” şirkətinin əməkdaşı Murad Süleymanov toplayıb. Bununla yanaşı ən fəal iştirakçıları – “Bakı Sığorta” ASC- dən Alxaszadə Nicatı və “Rəvan Sığorta” ASC- dən Leyla Mustafayevanı da qeyd etmək olar.

İştirakçıların əksəriyyəti treninqin təşkili və keçirilməsi, moderatorun ustalığı və əlverişli materialın keyfiyyəti, habelə sığorta şirkətlərinin əməkdaşlarının bir-birləri ilə tanış olmaq imkanı barədə müsbət rəy bildiriblər.

Sertifikatların təqdim edilmə mərasimində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev qeyd edib ki, istənilən biznesin uğuru onda işləyən insanların hazırlıq, ixtisas səviyyələrindən birbaşa asılıdır: “Şirkətlərin əməkdaşlarının daimi tədris prosesi, şirkətlərin insan kapitalının inkişafına sərmayələr Azərbaycanın sığorta bazarının inkişafı üçün əsas rolunu oynayır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar