Sığorta bazarı son bir ilde 14% artıb
13 Avqust 2013 Çərşənbə Axşamı 17:45
Hesabat dövründe sığorta hadiseleri üzre ödenişlerin ümumi hecmi 39,2% artaraq 68,879 mln. manata çatıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 228,971 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,6% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 39,2% artaraq 68,879 mln. manata çatıb.
Bu müddət ərzində könüllü sığortalar üzrə daxilolmaların həcmi 16,9% artaraq 148,371 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,6 dəfə artaraq 21,680 mln. manat, qeyri-həyat sığortası üzrə 6,9% artaraq 126,691 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 8,0% artaraq 80,599 mln. manat olub.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (43,338 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (37,951 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (32,420 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (20,324 mln. manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (18,990 mln. manat), “Həyatın yaşam sığortası” (18,852 mln. manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (10,916 mln. manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 1,762 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 58,3% çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 16,8% artaraq 46,696 mln. manata çatıb. Ümumilikdə, könüllü sığortalar üzrə ödənişlər 18,0% artaraq 48,457 mln. manat, icbari sığorta növləri üzrə isə 2,4 dəfə artaraq 20,421 mln. manata çatıb.
Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (25,408 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (15,053 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (14,046 mln. manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: