Sahibkarlığa Kömək Milli Fondu yeni veb-saytı
17 Fevral 2011 Cümə Axşamı 15:53
Fondun yeni internet saytı fəaliyyətə başlayıb
İqtisadi İnkişaf Nazirliyi 2011-ci il üçün təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyətində şəffaflığın daha da artırılması istiqamətində tədbirləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə son 3 ildə beynəlxalq audit şirkəti tərəfindən Fondun maliyyə hesabatlarının auditi keçirilib, Azərbaycan və ingilis dillərində illik hesabatlar, maliyyələşdirilmiş investisiya layihələri haqqında kütləvi informasiya vasitələrində müvafiq məlumatlar dərc olunur.

Bundan başqa, “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlər keçirilir, sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu üçün elanlar verilir, təqdim olunan təklif zərflərinin açılması və güzəştli şərtlərlə maliyyələşdirilməsinə dair qərar qəbul olunmuş layihələrin elan olunması proseslərində ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin edilir. Bu tədbirlərin davamı olaraq SKMF-inin yeni versiyada internet saytı hazırlanıb.

Bu gün fondun yeni versiyada internet saytının (www.anfes.gov.az) təqdimatı keçirilib. Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına sistemli dövlət dəstəyi tədbirlərindən bəhs etmiş, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payının 80 faizi ötdüyünü diqqətə çatdırıb.

Sonra fondun icraçı direktoru Şirzad Abdullayev yeni saytın təqdimatı ilə çıxış edib. O bildirib ki, saytda Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət forması, güzəştli kreditlərin respublikanın iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı, güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri və digər məlumatlar əks etdirilib. Saytda həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyəşdirilmiş böyük və iri investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilib. Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati rayonlarda yerləşən filialları haqqında məlumatlara ictimaiyyətin sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılıb.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytda məlumatların yenilənməsi və dəyişiklərin edilməsi üçün proqram təminatı təşkil edilib.

Qeyd edək ki, 2011-ci ilin ötən dövrü ərzində SKMF müvəkkil kredit təşkilatları vasitəsilə 154 sahibkara 15,5 milyon manat güzəştli kreditlər verib. Bu kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi, o cümlədən 5 çörək istehsalı zavodu, 4 soyuducu anbar, 1 müasir heyvandarlıq kompleksi, 1 qida yağlarının istehsalı, 1 ət məhsullarının emalı (kəsim sexi), 1 istixana, 1 mebel fabriki və 1 kağız istehsalı fabriki yaradılacaqdır. Bundan başqa, bu il 139 sahibkara 1.7 milyon manat kiçik həcmli kreditlər də verilib. 2010-cu ilin ötən dövrü ərzində maliyyələşdirilmiş layihələrin icrası 900-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar