Sahibkarları necə yoxlamaq olar?
14 May 2013 Çərşənbə Axşamı 18:33
Sahibkarlar müəyyən meyarlar əsasında aşağı, orta və yüksək olmaqla 3 risk qrupuna ayrılacaqlar.
Vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaq. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra sahibkarlar müəyyən meyarlar əsasında aşağı, orta və yüksək olmaqla 3 risk qrupuna ayrılacaqlar . Yüksək risk qrupuna aid olan sahibkarlar ildə bir dəfə, orta risk qrupuna aid olanlar 2 ildə 1 dəfə və aşağı risk qrupuna aid olan sahibkarların yoxlanılması isə 3 ildən bir həyata keçiriləcək. Göstərilən risk qruplarına müvafiq olaraq, müəyyən olunmuş müddətdən kənar, yaxud vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayan orqanın əməkdaşları inzibatı və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Millət vəkili Əli Məsimli hesab edir ki, qanun yoxlamaları zamanı baş verən neqativ halların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir: “Sayını bilmədiyimiz qədər yoxlayıcı orqan var nə vaxt istiyirlər yoxlama həyata keçirirlər. Və sui-istifadə halları olur. Əgər kimsə bu cür özbaşına yoxlama həyata keçirirsə və o ümumi reyestrdə belə yoxlama yoxdursa onun nəticələri qeydə alınmayacaq”.

Qanunda həmçinin yoxlayıcı orqana şərait yaratmayan sahibkarların da həm inzibati həm də cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, sahibkarların fəaliyyətinə dair yoxlama və nəzarəti həyata keçirməyin hansı dövlət qurumlarının səlahiyyətində olması hələlik qanunvericiliklə müəyyənləşdirilməyib. Əvvəllər sahibkarlıq müəssisələrinin yoxlanılmasını güc strukturları həyata keçirirdisə, sonradan bu səlahiyyət iqtisadi qurumlara verildi. Yeni qanunla sahibkarlıq müəssisələrinin hansı dövlət qurumları tərəfindən yoxlanılması da artıq tam dəqiqləşdiriləcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar