"Şahdəniz-2" ilə bağlı müqavilənin müddəti 2036-cı ilədək uzadılıb
02 Mart 2011 Çərşənbə 22:01
Yatağın işlənməsi gecikdiyindən Azərbaycan hökuməti səhmdarların müraciətini nəzərə alıb.
“Şahdəniz” yatağının 2-ci fazasının işlənməsi gecikdiyindən Azərbaycan hökuməti səhmdarların müraciətini nəzərə alaraq, müqavilənin müddətini 2036-ci ilə qədər uzadıb. Bu haqda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdəki 2 böyük layihədə əlavə pay alacaq. Şirkət çıxarıla bilən ehtiyatları 1 milyard ton qiymətləndirilən “Əsrin müqaviləsi”ndəki payını 1,5 faiz artıraraq 11,5-ə çatdıracaq.
Rövnəq Abdullayev “Devon” payının bir hissəsini almağa hazırlaşdıqlarını bildirib: “Danışıqlar aparılıb və razılıq var”.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev gənclərlə görüşündə şirkətin digər layihələri barədə də məlumat verdi. Onun sözlərinə görə, Sumqayıtdakı zavodların ərazisində yeni kimya texnoparkının yaradılması nəzərdə tutulur: "Bununla yanaşı, emal zavodlarının şəhərdən çıxarılması üçün gücü 10 milyon ton olan yeni neft emalı zavodu və 15 milyard kubmetrlik qaz emalı zavodunun inşasına hazırlaşırıq".
Qaradağ rayonu ərazisində gəmiqayırma zavodunu tikəcək şirkət isə bu ayın sonunda seçiləcək və bundan sonra inşaat işləri sürətlənəcək. Rövnəq Abdullayev genişmiqyaslı işlərin görülməsi üçün kadrlara ehtiyac olduğunu gənclərin diqqətinə çatdırdı və təqaüd proqramı çərçivəsində təhsil almaq üçün xaricə daha çox tələbənin göndəriləcəyini bildirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: