Sabah BVF fəaliyyətini dayandırır
08 Oktyabr 2009 Cümə Axşamı 16:50
BVF Fondla əməkdaşlıq yeni model əsasında həyata keçiriləcək.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyi fəaliyyətini sabahdan rəsmən dayandırır. Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Koba Qqvenitadze bu gün keçirdiyi sonuncu mətbuat konfransında bildirib ki, bundan sonra fondla əməkdaşlıq yeni model əsasında həyata keçiriləcək. Nümayəndəliyin rəhbəri fondun Azərbaycan üzrə makroiqtisadi proqnozlarını da açıqlayıb.

“Biz bu il Azərbaycanda iqtisadi artımı 7,4 faiz proqnozlaşdırırıq. Növbəti ildə də iqtisadi artım təxminən bu səviyyədə ola bilər. Amma neft sektorunda baş verən dəyişikliklər nəticəsində bu proqnozlara müəyyən dəyişiklik ola biləcəyi gözlənilir. İnflyasiya göstəricilərinə gəlincə, bu il Azərbaycanda inflyasiya templəri azalıb. Qiymətlərin azalmasına idxal mallarının ucuzlaşması və daxili tələbatın azalması nəticəsində baş verib”, deyə BVF-nin Azərbaycan üzrə nümayəndəsi Koba Qvenitadze bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanda inflyasiya 2 faiz proqnozlaşdırılır, növbəti ildə isə bu rəqəm 5 faiz ətrafında ola bilər. Lakin, 2010-cu ilin büdcəsi nəzərə alınaraq, bu proqnozlar dəyişə bilər. Büdcə kəsirinə gəlincə, bu il defisit proqnozlaşdırılmır. Neftin illik orta qiymətini isə 50 dollar proqnozlaşdırırdıq. İndi biz orta qiyməti 62 dollar olacağını gözləyirik, bu artım nəticəsində isə büdcə kəsiri olmayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar