Rusiya bazarında Azərbaycan məhsuluna təlabat artıb
19 İyun 2011 Bazar 14:20
Rusiya bazarında Azərbaycan məhsuluna təlabat artıb. İstehsalçılar isə yaranan şəraitdən daha çox fayda əldə etmək niyyətindədirlər.
Kənd təsərrüfatı naziri İsmət Abbasovun, Rusiya-Avropa iqtisadi münasibətlərində yaranan vəziyyətdən istifadə edən Azərbaycan kəndlisinin kartofu bu bazara 35-40 qəpiyə təklif etməsi fonunda verdiyi açıqlamanı yerli fermerlər anlaşılmazlıqla qarşılayıblar.

Avropadan gətirilən kənd təsərrüfatı məhsullarına Rusiyanın qadağa qoymasından sonra bu ölkəyə öz məhsullarını daha ürəklə çıxaran Azərbaycan kəndlisi yaranan şəraitdən daha çox fayda əldə etmək istəyir. Kəndlilərin sözlərinə görə, onlar indi çatdırmırlar. Qiymətdə də fərq var. Hələ bir neçə gün əvvəl kartofun kiloqramını 20 qəpiyə zorla bazara çıxaran kəndliyə indi eyni məhsula görə 35-40 qəpik verirlər. Rusiya və Ukrayna alıcılarına məhsul elə tarlada təklif edilir. Elə alıcılar da təklif olunan məhsullardan məmnun görünürlər.

“Avropa ölkələrindən tərəvəz alınmaması deyiləndən sonra biz əsasən Azərbaycan məhsulları alırıq. Çox yaxşı məhsullardır. Dadlı tərəvəzlər, pomidor, xiyar, kartof və s.”, - deyə alıcı İrina Sidorenko vurğulayıb.

Rusiyalı alıcı Svetlana Zuyeva da Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarına üstünlük verir: “Avropa məhsulları qorxuludur. Azərbaycandan gələn meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları çox yaxşıdır. Ekoloji cəhətdən təmizdir”.

Bir sözlə, Rusiya bazarında Azərbaycan məhsuluna təlabat artıb.

Əsasən Azərbaycan məhsullarını soruşurlar, maraqlanırlar. Əgər xarici məhsuldursa istəmirlər, Azərbaycan məhsuludursa, məmnuniyyətlə alırlar. Azərbaycan pomidorunu, kartofunu çox yaxşı alırlar. Çünki çox dadlıdır”, - deyə satıcı Veleriya Novosolova bildirib.

Kəndlilər isə deyəsən qiymətdən narazı görünmürlər.

“Əkirik, becəririk, zəhmət çəkirik. Qiymətləri bazar tənzimləyir. Neçəyə alırlar, biz də o qiymətə satırıq. Münasib qiymətdir. Sərf eləyən qiymət olanda veririk”, - deyə fermer Arif Muradov vurğulayıb.

Bir sıra fermerlər isə adminstrativ müdaxilə yolu ilə onlardan qiymətləri aşağı salmağın tələb olunacağı təqdirdə məhsulu ümumiyyətlə bazara çıxarmamağı düşünürlər.

Qeyd edək ki, bazar iqtisadiyyatı olan ölkələrdə məhsulların bahalaşıb-ucuzlaşması istehsalçının özündən asılıdır və buna görə o məsuliyyətə cəlb oluna bilməz. Cəza isə yalnız inhisarçılıq yoluyla və ya sövdələşməyə gedərək qiymətləri artıranlara aiddir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar