Rövnəq Abdullyayev: "Türkiyə ilə razılıq əldə olunmayıb"
27 Fevral 2010 Şənbə 13:35
Rövnəq Abdullyayev: “Hələ tam razılığın əldə olunması barədə danışmaq tezdir”
“Nəql olunan mavi yanacağın qiyməti ilə bağlı Azərbaycanla Türkiyə arasında danışıqlar hələ davam edir. Hələ tam razılığın əldə olunması barədə danışmaq tezdir”. Bu açıqlamanı jurnalistlərə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev verib.
Onun sözlərinə görə, danışıqlar üç əsas istiqamətdə aparılır. Bunlar Türkiyəyə ixrac edilən qazın qiyməti, qazın həcmi və tranzit qiymətlə bağlıdır: “Azərbaycan bu məsələlərə paket şəklində yanaşır, bu səbəbdən bu üç məsələdən hər hansı birində razılığın əldə olunmaması digər məsələlərə də təsir edir”.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirmişdi ki, Türkiyə Azərbaycanla qazın qimyətini razılaşdırıb və bu haqda danışıqlar artıq yekunlaşmaq üzrədir.
“Dəqiq qiyməti deyə bilmərəm, amma razılıq əldə olunub və danışıqlar tezliklə başa çatacaq. Türkiyə indiyədək aldığı qaz üçün də ödəniş edəcək”, deyə səfir qeyd edib.
Bakı və Ankara artıq uzun müddətdir Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından qazın qiymətini razılaşdıra bilmir. Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql etmək və bazar qiyməti ilə satmaq istəyir. Lakin Ankara qazı Azərbaycandan alıb, Avropaya satmağı təklif edir. Bu, tərəflər arasında uzunmüddətli mübahisələrə səbəb olub və “Nabucco” qaz kəmərinin gələcəyini sual altına qoyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: