Reklam bazarı kasıblaşıb
16 May 2009 Şənbə 15:55
İqtisadi böhran Azərbaycanın bank, tikinti və avtomobil satışının reklam bazarına ciddi təsir edib

İqtisadi böhran Azərbaycanın reklam bazarına da təsir edib. Reklam işi ilə məşğul olan şirkətlərdən ANS-ə verilən məlumata görə, ötən illə müqayisədə bu il sifarişlərin sayı 20 faizə qədər azalıb. Amma reklam şirkətləri bu sahədə tənəzzülün ilin sonuna qədər 18 faizdən çox olmayacağını bildirirlər. Reklamların azalması özünü ən çox böhranın daha ciddi təsir etdiyi sahələrdə göstərir. Bunlar - banklar, tikinti şirkətləri və avtomobil satışıdır. Vaxtilə bazarda ən çox reklam verən banklar və tikinti şirkətləri xərclərinə qənaət etməyə başlayıblar. İndi tikinti şirkətləri satışı artırmaq üçün güzəşt kampaniyaları keçirsə də, bunu reklam etmirlər. Əvəzində avtomobil şirkətləri satışın stimullaşdırılması üçün güzəşt kampaniyalarını genişləndirib. Şadlıq evləri və restoranları reklamlarını kəskin azaldıb. Banklar isə indi daha çox nüfuzlarını qorumaq üçün imic reklamına üstünlük verir.
Əvvəllər daha çox reklam olunan məişət texnikasının reklamı da təqribən 50 faiz azalıb. Ərzaq və gündəlik tələbat mallarının reklam olunmasında isə ciddi dəyişiklik yoxdur. Əvəzində mobil rabitə xidmətlərinin reklamı artıb. İndi reklamlar daha çox televiziya, küçə plakatları və nəqliyyat vasitələrində yayılır. Son vaxtlar internetdə reklamların əhəmiyyəti və payı sürətlə artmaqdadır.
Mütəxəssislər Azərbaycanın reklam bazarının illik dövriyyəsini 100 milyon manat qiymətləndirir. Amma bu rəqəm qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Reklamçılar hesab edir ki, böhranın bazara təsirinin zəif olmasının bir səbəbi də bazarın kiçikliyidir./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar