Rabitəbank fəal gənclər üçün seminar keçirib
01 Dekabr 2011 Cümə Axşamı 18:16
Seminarda Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan gənclər iştirak edib.
“Rabitəbank” ASC və İREX (Beynəlxalq Araşdırmalar və Mübadilə Mərkəzi) təşkilatı Qubada “Müasir iş bazarında düzgün karyera seçimi” mövzusunda seminar keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, seminarın başlıca məqsədi Azərbaycanın regionlarında fəal gənclərin perspektivli inkişafını təmin etmək, onlara iş yerlərinin düzgün seçilməsində və karyeralarının qurulması istiqamətində səmərəli tövsiyələr verməkdən ibarət olub.
Təlimdə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan gənclər iştirak edib. Təlim ərzində gənclərə Azərbaycanın müasir iş bazarındakı vəziyyət, karyera qurulması baxımından iqtisadiyyatın perspektivli sahələri, potensial namizədlərin üstünlükləri, CV-nin tərtib olunması üsulları, müsahibəyə hazırlıq, müsahibə prosesi, iş axtarışı və professional inkişaf üçün ümumi tövsiyələr barədə ətraflı məlumat verilib.
Treninqin sonunda təlim iştirakçıları “Rabitəbank” ASC-nin Quba, Qusar və Xaçmaz filiallarında olan vakansiyaları nəzərdən keçirmək üçün testlərdən keçirilib.
Bu cür təlimlərin Azərbaycan gənclərinə olan töhfəsini əsas tutaraq “Rabitəbank” ASC və İREX eyni tədbirlərin yaxın zamanlarda Azərbaycanın bir sıra rayonlarında keçirilməsini planlaşdırır.
Qeyd edək ki, “Rabitəbank” Azərbaycan Bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və bir sıra digər beynəlxalq maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. 2011-cu ilin üçüncü rübünün sonuna “Rabitəbank”ın aktivləri 126 milyon manat, kapitalı 17 milyon manat təşkil edib. Bankın filial şəbəkəsi 6-sı Bakıda, 14-ü regionlarda olmaqla 20 filial və şöbədən ibarətdir.
DOSTLARINLA PAYLAŞ: