Qızıl əhəmiyyətli dərəcədə ucuzlaşıb
04 Fevral 2010 Cümə Axşamı 23:30
Dolların bahalaşması qızılın mövqeyini zəiflədib
Bu gün dünya bazarlarında qızılın qiymətində ucuzlaşma qeydə alınıb. Belə ki, amerikan valyutasının bahalaşması alternativ sərmayə obyekti “qiymətli metal”a olan etibarı azaldıb.
Nyu-Yorkun NYMEX satış birjasında qızılın unsiyası 37,90 dollar və ya 3,4 faiz ucuzlaşaraq 1074,1 dollara düşüb. Bu arada “Prospector Asset Management”in rəhbəri Leonard Kaplan bildirib ki, qızılın qiymətinin düşməsi sadəcə olaraq sarsıdıcı hadisədir. Onun sözlərinə görə, bazarlardakı dinamika sərmayədarları hazırkı vəziyyətdə riskə getməyə təhrik edir.
Bir qədər bundan öncə isə “American Precious Metals Advisors”un direktoru Cefri Nikolas söyləyib ki, qızılın ucuzlaşması sərmayədarlara bazarlara çıxmaq üçün olduqca yaxşı imkanlar yaradır. Əgər dollar aktiv statusunu itirsə, qızılın unsiyası 1500 dollara çata bilər. Analitiklərin fikrincə, Avropanın bu və ya digər ölkəsində suveren defoltun olması dollara qısamüddətli kömək edə bilər və nəticədə də qızılın mövqeyi zəifləyəcək. Lakin onlar eyni zamanda qeyd ediblər ki, yekun nəticədə qızıl ən etibarlı səhm kimi öz statusunu qaytara biləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: