Əmlak ya dəyərindən aşağı qiymətləndirilir, ya da çox zaman, ümumiyyətlə, qiymətləndirilmir. Ölkəmizdə qiymətləndirmə ilə əlaqədar əsas problem banklarla, daha dəqiq söylənilsə, kredit müqabilində girov qoyulan əmlakla bağlıdır. Hazırda qiymətləndirməni bankların özlərinin dəvət etdiyi qiymətləndiricilər aparır ki, bu da qanunvericiliyə ziddir.
Millət vəkili Xanhüseyn Kazımlı bununla bağlı bildirib ki, banklar belə məsələlərdə çox vaxt öz maraqlarından çıxış edirlər: “Əgər hər hansı bank bir qiymətləndiricini dəfələrlə dəvət edirsə, bu o deməkdir ki, bankın burada marağı var”.
X.Kazımlı qeyd edib ki, qiymətləndirmə sahəsinə nəzarəti gücləndirmək üçün yeni qanun layihəsi hazırlanıb. Qanunda xüsusilə, sahibkarların hüquqlarının qorunması üçün müddəalar yer alıb: “Hər hansı sahibkar qiymətləndirmə fəaliyyətindən narazıdırsa, onda o, hüquq-mühafizə orqanlarına müraciət edə, qiymətləndirmə üçün bankdan asılı olmayan ekspert dəvət edə bilər”.
Yeni qanunvericilikdə qiymətləndiricilərin fəaliyyətinin sığortalanması, onların peşəkarlığının artırılması istiqamətində də bir sıra müddəalar nəzərdə tutulub.