Qeyri-neft sektoru üzrə vergi daxilolmaları artıb
04 May 2013 Şənbə 00:40
Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanıb.
Vergilər Nazirliyində 2012-ci ilin və 2013-cü ilin birinci rübü üzrə fəaliyyətin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilın məlumata görə, iclasda həmçinin Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına da toxunulub.

Tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi inkişafında yeni nailiyyətlər əldə edildiyini, Azərbaycanda dünya miqyaslı qlobal layihələrin həyata keçirilməsinə başlandığını bildirib.

Nazir bildirib ki, Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsaitlərin cari büdcə xərclərinin bağlanması üçün kifayət etməsi məqsədilə büdcə gəlirlərinin artırılmasının vacibliyi dövlət başçısı tərəfindən vergi orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulub. Ötən dövrdə vergi orqanlarının əsas fəaliyyətinin də məhz bu tapşırığın icrası istiqamətində qurulduğunu deyən nazir, son iki ildə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 39,5 faiz və ya 931,1 milyon manat artdığını qeyd edib.

Fazil Məmmədov əldə edilən nailiyyətlərlə yanaşı, vergi orqanları qarşısında hələ bir çox mühüm işlərin durduğunu söyləyib. O qeyd edib ki, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Vergilər naziri vergi sisteminin inkişafı üzrə yaxın və orta perspektiv müddətlərdə inkişaf planlarına toxunaraq bildirib ki, “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası vergi orqanlarının da qarşısında ciddi vəzifələr müəyyən edib. Bununla bağlı nazirliyin 2013-2020-ci illər üçün təsdiq edilmiş strateji planı çərçivəsində 22 istiqamət üzrə tədbirlər həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar