Qazprom Azərbaycandan aldığı qazın həcmini artıracaq
21 Yanvar 2011 Cümə 23:50
Qazprom Azərbaycandan aldığı qazın həcmini artıracaq. Bu, 2012-ci ildə reallaşacaq.
2012-ci ildən Rusiyanın ”Qazprom” şirkəti Azərbaycandan aldığı qazın həcmini artıracaq. Bu barədə razılıq Sankt-Peterburqda “Qazprom”un rəhbəri Aleksey Miller və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin görüşündə əldə olunub. “Qazprom”un rəsmi internet səhifəsində verilən məlumata görə, görüşdə tərəflər 2010-cu ilin yekunlarına nəzər salıb. Müzakirələrdə bildirilib ki, Azərbaycan qazının Rusiya ərazisi ilə ixracı ən etibarlı və təhlükəsiz marşrutdur.

2011-ci ildə “Qazprom” Dövlət Neft Şirkətindən 2 milyard kubmetr qaz alacaq. Eyni zamanda ötən ilin sentyabr ayında imzalanmış əlavə razılaşmaya əsasən, 2012-ci ildən bu həcm hissə-hissə artırılacaq. Əldə olunmuş razılaşmaya görə, qazın qiyməti bazar qiymətləri ilə müəyyənləşəcək və qazın həcminin artırılmasına məhdudiyyət qoyulmur.

"Qaz sahəsində Azərbaycan və Rusiya arasında əməkdaşlıq hər iki ölkə üçün sərfəlidir” ,- deyə “Qazprom”un rəhbəri Aleksey Miller bəyan edib. O bildirib ki, “Qazprom”un Azərbaycan qazının daha böyük həcmdə istənilən müddətə ixracı üçün kifayət qədər texniki imkanları var.

Xatırladaq ki, Dövlət Neft Şirkəti və “Qazprom” arasında qaz ixracı ilə bağlı ilk müqavilə 2009-cu ilin sentyabrın 14-də imzalanıb. 2010-cu ilin sentyabrında isə tərəflər bu müqaviləyə əlavəni imzalayıb. Azərbaycan qazı 2010-cu ilin yanvarın 1-dən Rusiyaya ixrac olunmağa başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar