Qasım Qasımova ARDNŞ-in Fəxri Fərmanı verilib
24 İyul 2010 Şənbə 11:15
Qasım Qasımov Neft-kimya Prosesləri İnstitutunda “Neft və neft emalı məhsullarının standartlaşdırılması” laboratoriyasının müdiridir.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş Ofisində qocaman neftçi alim Qasım Qasımovla görüş keçirilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə cıxış edən ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib ki, gənc yaşlarından əmək fəaliyyətini neft-kimya sənayesi ilə bağlayan Qasım Qasımov müxtəlif məsul vəzifələrdə çalışdığı illərdə Azərbaycan iqtisadiyyatının bu mühüm sahəsinin inkişafı üçün var gücünü səfərbər edib, ARDNŞ-in emal kompleksinin genişlənməsi yolunda əzmkarlıq göstərib.
Qeyd olunub ki, 1971-1980-ci illər ərzində respublikanın Neft emalı və neft kimya sənayesi nazirinin birinci müavini vəzifəsində məhsuldar fəaliyyət göstərmiş Qasım Qasımov öz işgüzarlığı və şəxsi keyfiyyətləri ilə neft emalı kompleksində çalışan mühəndis-texnik işçilərinin dərin rəğbətini qazanıb. O indi də öz sevimli işindən ayrılmayıb. 1981-ci ildən etibarən AMEA-nın Neft-kimya Prosesləri İnstitutunda “Neft və neft emalı məhsullarının standartlaşdırılması” laboratoriyasının müdiri vəzifəsində calışır. İnstitutun ən vacib bölmələrindən sayılan bu laboratoriya ölkəmizdə çıxarılan və emala verilən unikal tərkibli Azərbaycan neftlərinə, neft emalı zavodlarında istehsal edilən etilsiz avtomobil benzinlərinə, reaktiv mühərrik yanacağına, sürtkü yağlarına və bu kimi digər məhsullara 11 ədəd Azərbaycan dövlət standartı və çoxlu sayda normativ sənədlər alıb. Bütün bu işlərdə 80 yaşı bu günlərdə tamam olan Qasım Qasımovun xidmətləri böyükdür. Onun elmi-təşkilati fəaliyyəti nəticəsində elmi tədqiqat layihələri həyata keçirilib, bir çox yeniliklər istehsalata tətbiq olunub.
Mərasimdə çıxış edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılıv bildirib ki, neft emalı və neft-kimya sahəsində istifadə edilən qurğuların quraşdırılması və istismara buraxılmasında Qasım Qasımovun rolu xüsusi qeyd olunmalıdır. O nəzərə çatdırıb ki, bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yüksək oktanlı avtomobil benzinlərinin istehsalını təmin edən, məhsuldarlığı ildə 1 milyon ton olan katalitik riforminq qurğusunun Amerikanın “UOP” kompaniyasinin texnologiyası əsasında, Fransanın “Litvin” şirkəti tərəfindən layihələndirilməsi, avadanlıqların və digər ləvazimatların əldə edilməsi bilavasitə Q.Qasımovun iştirakı ilə 1976-cı ildə Parisdə bağlanmış müqavilə əsasında həyata keçirilib. Eyni zamanda hazırda həmin zavodda uğurla işləyən Q-43-107 tipli katalitik krekinq qurğusunun layihələşdirilməsi və istismarı da onun adı ilə bağlıdır.
Mərasimdə bildirilib ki, neft-qaz və neft-kimya sənayesinin inkişafında xüsusi xidmətlərinə görə və anadan olmasının 80 illik yubileyi münasibəti ilə ARDNŞ prezidentinin əmrinə əsasən Qasım Qasımov Şirkətin Fəxri Fərmanı və birdəfəlik 500 manat həcmində pul mükafatı ilə təltif edilib. ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov Fəxri Fərmanı təntənəli şəkildə Qasım Qasımova təqdim edib. Daha sonra ARDNŞ Baş Ofisinin Neft emalı şöbəsinin rəisi Faiq İbadov, Emal kompleksi üzrə texnoloji araşdırmalar şöbəsinin rəisi Beykəs Xıdırov, “Azərneftyağ” neft emalı zavodunun direktorunun I müavini Adil Rəhimov yubilyarı işgüzar, təcrübəli və həmişə tutduğu vəzifənin öhdəsindən layiqincə gələn dəyərli mütəxəssis kimi qiymətləndiriblər.
Qeyd olunub ki, qocaman alimin əməyi bütün dövrlərdə öz layiqli qiymətini alıb. O, dövlət tərəfindən “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif olunub, “Əla neft emalı mütəxəssisi” və “Fəxri səmərələşdirici” adlarına layiq görülüb. Təltifolunma mərasiminin sonunda Qasım Qasımov 80 illik yubileyi ərəfəsində ona göstərilən diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: