Qarant Sığorta ödənişləri 42 faiz artıb
29 İyul 2011 Cümə 16:35
Qarant Sığorta 6 ay ərzində 610,515 manat həcmində sığorta ödənişləri həyata keçirib.
“Qarant Sığorta” şirkəti əvvəlki illərdə olduğu kimi, bu ildə uğurlarını davam etdirir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkət Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olaraq qalmaqdadır. 2011-ci ilin birinci yarısının göstəricilərinə əsasən şirkətin topladığı sığorta haqları təqribən 3 milyon manat təşkil edir ki, bu da 2010-cu ilin 6 ayının göstəricisindən artıqdır.

Azərbaycanın ən çox ödəyən şirkətlərindən biri olaraq “Qarant Sığorta” bu ilin ilk 6 ayı ərzində 610.515 manat həcmində sığorta ödənişləri həyata keçirib ki, bu da 2010-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Bu göstərici “Qarant Sığorta” şirkətinin öz öhdəliklərinə sadiqliyinin və müştəri yönümlülüyünün bariz nümunəsidir.

İcbari sığorta növləri üzrə ödənişlər bu il ərzində iki dəfədən çox artıb. Könüllü sığorta növləri üzrə artım 40 faizə yaxın təşkil edib. Bu il ərzində yığılmış sığorta haqlarının 448.922 manatı icbarı sığorta növlərinin payına düşür ki, bu da 2010-cu ilin ilk 6 ayının göstəricisindən 17 faiz çoxdur. Könüllü sığorta növləri üzrə yığım isə keçən ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalmış və 2,5 milyon manat təşkil edir.

“Qarant Sığorta” şirkəti dövlət qarşısında öhdəliklərinə sadiq qalaraq vergi ödənişlərini 248 faiz artırıb. 2011-ci ilin ilk yarımilliyində şirkət büdcəyə 219.057 manat vergi ödəyib. “Qarant Sığorta” Şirkəti yaratdığı “Qarant Sığorta Agentliyi”-nin inkişafına böyük önəm verir. 2011-ci ildə agentliyin filial şəbəkəsi genişləndirilib, bu ilin fevralında Yasamal filialı, daha sonra isə Bakıxanov küçəsi 759-cu məhəllədə Gənclik filialının və Sumqayıtda yeni filialın təntənəli açılışı keçirilib. Lakin bu son deyil, yaxınlarda daha bir neçə filialın açılması planlaşdırılır.

Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində şirkət bu ilin ilk 6 ayı ərzində də bəzi xeyriyyəçilik və sosial layihələr həyata keçirib.

Xatırladaq ki, 2008-ci ilin əvvəllərində öz faktiki fəaliyyətinə başlamış və Azərbaycanın sığorta bazarında Korporativ Sosial Məsuliyyət mədəniyyətini tətbiq etmiş ilk şirkət olan “Qarant Sığorta” “Zqan Holdinq” şirkətlər qrupuna daxildir və ölkənin ən cavan və dinamik templərlə inkişaf edən sığorta şirkətidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar