Qala Həyat aktiv fəaliyyətə başlayır
27 Dekabr 2010 Bazar Ertəsi 16:20
Sığorta şirkəti Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmətlərini təklif edəcək
“Qala Həyat” Sığorta Şirkəti aktiv fəaliyyətə başlayaraq Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmətlərini təklif etməyə başlayır. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Qala Həyat” Sığorta Şirkəti ölkəmizdə ən iri nizamnamə kapitalına (3,5 milyon manat) malik olan həyat sığortası şirkətidir və əsas səhmdarı aktivlərinə görə ölkədə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevun sözlərinə görə, şirkət fəaliyyətinə Maliyyə Nazirliyinin lisenziya əsasında qeyri-həyat sığorta sahəsi üzrə başlasa da, 30 noyabr 2010-cu il tarixli 000385 saylı Lisenziya əsasında fəaliyyət istiqamətimizi həyat sığortası sahəsinə yönəldib: O bildirib ki, hazırda şirkət həyat sığortası üzrə xidmətlərin göstərilməsi üzrə işlərə hazırdır: “Biz indi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini göstəririk və bu yaxınlarda ilk müqavilələrimizi imzalayacağıq”.

Onun sözlərinə görə, təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya sahibdir. Şirkət fəaliyyətini müştərilərə fərdi yanaşma və onların maraqlarını tam nəzərə alma prinsipləri əsasında qurmuşdur.

“Qala Həyat” Sığorta Şirkəti aşağıdakı könüllü və icbari sığorta növləri üzrə sığorta məhsullarını təklif edir:

Könüllü Həyat Sığortası üzrə

- Sığortalı və ya Sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
- Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;
- Sığorta olunan xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin sığortası; - Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta;
- İpoteka kreditləri üzrə borcalanların həyat sığortası;

İcbari Sığorta üzrə
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

“Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun qəbul olunması sığorta sektorunun, həyat sığortası sahəsinin inkişafına müsbət təsir göstərəcək. Qanunu qəbul olunması bir daha dövlətin öz vətəndaşlarının müdafiəsində dayandığını sübuta yetirir.” - deyə Abbas Babayev bildirib.

Qeyd edək ki, “Qala Həyat” satışlarını “Qarant Sığorta Agentliyi” vasitəsilə həyata keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar