Qafqaz və Mərkəzi Asiya bazarlarına necə girmək olar?
14 May 2011 Şənbə 15:27
Parisdə “Qafqaz və Mərkəzi Asiya” mövzusunda simpozium keçirilib.
Parisdə “Qafqaz və Mərkəzi Asiya” mövzusunda simpozium keçirilib. Fransa Senatında təşkil edilmiş tədbirdə Fransa Şirkətlər Hərəkatı, Beynəlxalq Ticarətin İnkişafı Agentliyi (“UbiFrance”), Beynəlxalq İnvestisiyalar üzrə Fransa Agentliyi və Fransa Ticarət Palatası ilə yanaşı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyinin nümayəndələri də iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, simpoziumda çıxış edən Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Mərkəzi Asiya və Şimali Qafqaz regionunda aparıcı ölkələrdən olduğunu, “UbiFrance”ın fəaliyyəti barədə məlumat verən qurumun rəhbəri Alan Kuzin isə belə tədbirlərin Mərkəzi Asiya və Qafqaz ölkələrində keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, ölkədə yaradılmış əlverişli biznes mühiti, investisiya və ixrac imkanları barədə təqdimatla çıxış edib.
“Qafqaz və Mərkəzi Asiya bazarlarına necə girmək olar?” mövzusunda keçirilmiş Dəyirmi Masada AZPROMO-nun nümayəndəsi Azərbaycanın qeyri-neft sektoru, vergi sistemi, investisiya potensialı ilə bağlı sualları cavablandırıb.
Tədbirdə Fransanın Azərbaycandakı Ticarət Departamenti və Azərbaycanda fəaliyyət göstərən “Salans” hüquq şirkəti tərəfindən Azərbaycanın biznes mühiti və ölkədə fəaliyyət göstərən xarici şirkətlərə yaradılmış imkanlar barədə məlumat verilib.
Tədbir çərçivəsində AZPROMO və Fransa Şirkətlər Hərəkatı arasında Anlaşma Memorandumu imzalanıb. Səfər çərçivəsində AZPROMO-nun nümayəndələri Fransanın İnvestisiyaların Təşviqi Agentliyinin (“Invest in France”) rəhbərliyi ilə də görüşüb. anspress
DOSTLARINLA PAYLAŞ: