Prezident Total və BP şirkətlərinin rəhbərləri ilə görüşüb
27 Yanvar 2011 Cümə Axşamı 22:25
Danışıqlarda sözügedən şirkətlərin Azərbaycanla əməkdaşlığının perspektivləri müzakirə olunub
Prezidenti İlham Əliyev Davosda "Total" şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşüb. Görüşdə "Total"ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin “Şahdəniz” və “Abşeron” qaz yataqlarının işlənilməsi, həmçinin Azərbaycan ilə "Total" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "BP" şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə də görüşüb. Görüşdə Azərbaycan ilə "BP" şirkəti arasında 1994-cü ildən fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. "BP" şirkətinin Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində iştirakının, “Şəfəq-Asiman” yataqları ilə bağlı imzalanmış sazişlərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə "BP" arasındakı əməkdaşlığın strateji xarakter daşıdığı bildirilib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: