POS-terminal olmayan obyektlər cərimələnəcək?
12 Oktyabr 2012 Cümə 23:30
Bu ilin sonunadək bir sıra obyektlərdə POS-terminalların quraşdırılması başa çatdırılmalıdır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu ilin sonunadək bir sıra obyektlərdə POS-terminalların quraşdırılması başa çatdırılmalıdır. Bu, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qaydaların müəyyən edilməsi və POS-terminallar quraşdırılacaq obyektlərin meyarlarının təsdiq edilməsi barədə qərarında nəzərdə tutulur. Qərarda belə obyektlərin konkret siyahısı da göstərilir.

Qərara əsasən ölkədə POS-terminalların quraşdırılması şəhər və rayonlar üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, Bakı, Gəncə və Sumqayıtda POS-terminalların quraşdırılması prosesi 2012-ci ildə, nisbətən iri şəhər və rayonlarda 2013-cü ilin sonuna qədər başa çatdırılmalıdır. Bu proses başqa rayon mərkəzlərində 2014-cü ildə, bütün kənd və qəsəbələrdə isə 2015-ci ilin sonunadək yekunlaşmalıdır. Amma bəzi obyektlər var ki, yerləşdiyi regiondan asılı olmayaraq orada ilin sonuna kimi mütləq POS-terminal quraşdırılmalıdır. Bu siyahıya ƏDV ödəyiciləri, 3 aylıq dövriyyəsi 2000 manatdan çox olan təsərrüfat obyektləri, mebel, avtomobil satan obyektlər, turizm şirkətləri, bilet satan qurumlar daxildir.

Ekspertlər isə hesab edir ki, POS-terminalların tətbiqinin genişləndirilməsi üçün qanunvericilikdə bəzi dəyişikliklərə ehtiyac var. Onların fikrincə, POS-terminalların quraşdırılmasına sahibkarların marağının olmaması və ya quraşdırılan terminalın işləməməsi birbaşa istehlakçının nağd, yaxud nağdsız ödəniş formasını seçmək imkanından məhrum edir ki, bu da onun hüquqlarının pozulması deməkdir. Təsərrüfat subyektlərinin POS-terminaldan istifadə etməkdə maraqlı görünməməsi həm də POS-terminal quraşdırılmadığı təqdirdə konkret inzibati məsuliyyətin olmaması ilə bağlıdır.

Dünyanın əksər ölkələrində, o cümlədən qonşu Rusiyada POS-terminal quraşdırmayan təsərrüfat subyektlərinə qarşı cərimə, hətta müəssisənin fəaliyyətinə xitam verilməsi kimi cəza tədbirləri nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ölkədə 36 500-dən çox POS- terminal var ki, bunlardan 33 340 ədədi Bakıda, digər 3183-ü isə şəhər və rayonlarda quraşdırılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar