Pensiya kartı sahiblərinə müjdə
03 İyul 2010 Şənbə 09:55
“Kapital Bank”ın yeni “SMS İnfo” xidməti ilə bankomatların qarşısında itirilən vaxta qənaət ediləcək.
“Kapital Bank” pensiya kart sahiblərinə yeni “SMS İnfo” xidmətini təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmət bankomatların qarşısında növbədə durub pensiyanın karta daxil olmasını yoxlamaq ehtiyacını aradan götürür.
“SMS İnfo” xidmətinə qoşulma bankın müştəriləri üçün böyük rahatlıq yaradır. Belə ki, pensiya plastik kart hesabına daxil olduqda real vaxt rejimində SMS vasitəsilə müştərinin mobil relefonuna məlumat daxil olur. Buna əlavə olaraq, pensiya kart sahibləri kartın istifadə müddətinin sona çatmasına bir ay qalmış bu barədə məlumat alacaq və kartı vaxtında dəyişdirmək imkanını qazanacaqlar.
“SMS İnfo” xidmətinə qoşulmaq çox asandır: bu, bankomat vasitəsilə və ya Bankın "Call Center" adlı mərkəzinə 196 nömrəsinə zəng etməklə həyata keçirilir. “SMS İnfo” xidmətinə qoşulma və illik xidmət pulsuzdur, bir daxil olan SMS-ə görə komissiya 10 qəpik təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: