“Paşa Sığorta” tamhüquqlu üzv oldu
17 Avqust 2010 Çərşənbə Axşamı 10:35
“Paşa Sığorta” IMIA-nın tərkibində olan ilk Azərbaycan sığorta şirkəti adını aldı.
Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyasının (IMIA) İcraiyyə Komitəsi “Paşa Sığorta” şirkəti ilə IMIA-nın tamhüquqlu üzvləri sırasına daxil olması üzrə müqavilə layihəsini təsdiqləyib. “Paşa Sığorta”nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkət IMIA-nın tərkibində ilk Azərbaycan sığorta şirkətidir.

Bu qərara əlavə olaraq, şirkətin əmlak və mühəndis-tikinti sığortası üzrə sektor rəhbəri Fərid Hidayətov assosiasiyanın işçi komitəsinin daimi üzvü təsdiq olunub və şirkəti bu ilin sentyabr ayında Berlində keçiriləcək IMIA-nın illik konfransında təmsil edəcək.

Xatırladaq ki, 1968-ci ildə yaradılmış Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyası mühəndislik sığortalarının metodologiyası, risk menecmenti və statistikası sahəsində biliklərin və ən yeni texnologiyaların təbliği və formalaşdırılması üzrə dünyanın aparıcı peşəkar mərkəzidir. Assosiasiya təcrübələrini bölüşən, araşdırmalar aparan, vacib məsələləri müzakirə edən və bütün mühəndislik sığorta növləri üzrə araşdırma materialları nəşr edən mütəxəssislərdən ibarət dünya şəbəkəsidir. IMIA-nın işinin ən vacib istiqamətlərindən biri bütün bazar iştirakçılarına risk-menecment, anderraytinq və sığorta hadisələrinin tənzimlənməsi sahəsində dəstək olmaqla mühəndis risklərinin xüsusiləşmiş bazarının sonrakı peşəkarlaşmasıdır. IMIA-nın tamhüquqlu və assosiativ üzvləri sırasına aparıcı sığorta assosiasiyaları, sığorta və təkrarsığorta şirkətləri, brokerlər və mühəndislik sığortaları sahəsində sığorta hadisələrinin tənzimlənməsi üzrə məsləhətçilər qəbul edilirlər.

Qeyd edək ki, “Paşa Holdinq”in tərkibində fəaliyyət göstərən “Paşa Sığorta” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma göstəricilərinə görə “Paşa Sığorta” 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat cari məcmu aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. 2007-ci ildən şirkətin idarəetmə sistemi ISO 9001 beynəlxalq idarəetmə standartı üzrə Britaniyanın “Moody” agentliyi tərəfindən sertifikatlaşdırılıb. 2009-cu ildən “Paşa Sığorta” insan haqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş Təşəbbüsünün (UN Global Compact Initiative) iştirakçısıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar