Paşa Sığorta nizamnamə kapitalını artırır
01 Aprel 2011 Cümə 17:41
Şirkət kapitallaşmasının 30 milyon manata qədər artırılması barədə Direktorlar Şurasının təklifini təsdiq edib
“Paşa Sığorta” ASC-nin təsisçisi “Paşa Holdinq” sığorta şirkətinin nizamnamə kapitalının 30 milyon manata qədər artırılması barədə şirkətin Direktorlar Şurasının təklifini təsdiq edib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sığortaçının nizamnamə kapitalının artırılması 2010-cu ilin gəlirlərinin kapitala investisiya olunması və şirkətin səhmdarları tərəfindən edilən əlavə investisiya hesabına həyata keçirilib. “Paşa Sığorta” ASC-nin İdarə Heyətinə kapital artımının qeydiyyatı üzrə lazımi dövlət prosedurlarını həyata keçirmək və nəticələr barədə şirkətin Direktorlar Şurasını və Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətini məlumatlandırmaq tapşırılıb.
“Paşa Sığorta”nın nizamnamə kapitalının 20 milyondan 30 milyon manata qədər artırılması şirkətin strateji inkişaf planı çərçivəsində və sığortaçıların nizamnamə kapitalının artırılması üzrə dövlətin həvəsləndirmə siyasətinə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, “Paşa Sığorta” ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə şirkət 30 milyon manat nizamnamə kapitalı və 43 milyon manat cari aktiv ilə sığorta bazarının liderinə çevrilir.
DOSTLARINLA PAYLAŞ: