“Paşa Bank” “GoldenPay”a qoşuldu
23 Dekabr 2010 Cümə Axşamı 11:50
Bank onlayn ödənişləri qəbul etməyə başlayıb
"Paşa Bank" öz internet səhifəsindən onlayn ödənişləri qəbul etməyə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq müştərilər bankın veb-səhifəsindən "GoldenPay" internet ödəmə sisteminə daxil olmaqla kommunal xidmətlər, bəzi mobil operatorları, kabel TV, internet provayder və şəbəkə telefonları üçün ödənişləri həyata keçirə bilər.
"Paşa Bank"ın "Visa" və "MasterCard" sahibləri bankın saytının baş səhifəsində "İnternet ödəmələr" linkinə daxil olub ödəmələrini həyata keçirə bilərlər. Ödəmə həyata keçirildikdən sonra istifadəçi ödəmə haqqında bildirişi çap edə və yaxud öz elektron ünvanına göndərə bilər.
Azərbaycanda ilk və təhlükəsiz internet ödəmə sistemi olaraq "GoldenPay" hazırda 70-dən çox Azərbaycan şirkətinin ödəmələrinin internet vasitəsilə qəbulunu dəstəkləyir. Sistem fəaliyyət göstərmək üçün "Visa International" və "MasterCard" beynəlxalq plastik kart ödəniş sistemlərindən müvafiq lisenziyalar alıb.
Qeyd edək ki, "Paşa Bank" 2007-ci ildə təsis edilib. Nizamnamə kapitalının həcminə görə bank ölkədə ikinci yeri tutur. Bankın kapital həcmi 115,407 milyon manat təşkil edir.
DOSTLARINLA PAYLAŞ: