Parisdə Fransa-Azərbaycan biznes forumu keçirilib
24 Sentyabr 2011 Şənbə 18:00
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Parisdə İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə (AZPROMO) Fransa Respublikası və Azərbaycan Respublikası Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində Azərbaycan-Fransa Biznes Forumu keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Fransa və Azərbaycan tərəfdən neft və qaz, sənaye, nəqliyyat, enerji, maliyyə, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.
Forumda çıxış edən Azərbaycan-Fransa Hökümətlərarası İqtisadi Komissiyanın həmsədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat vermiş, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Adil Məmmədov ölkəmizin investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov təmsil etdikləri qurumların fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: