Bankın “Uşaqlarımız - Xoşbəxtliyimiz!” adlı müsabiqəsinin səsverməsi sentyabr ayının 26-dək davam edəcək
“Parabank” ASC sentyabrın 1-dən “Uşaqlarımız - Xoşbəxtliyimiz!” adlı fotomüsabiqənin səsverməsinə start verib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səsvermə bu ilin sentyabr ayının 26-dək davam edəcək.
Müsabiqənin şərtlərinə görə, uşağın şıltaqlığını, dəcəlliyini, şirinliyini və digər maraqlı məqamlarını əks etdirən bir fotoşəkili banka göndərməklə müsabiqəyə qoşulmaq (müsabiqədə 6 yaşa qədər uşaqların şəkilləri iştirak edə bilər) olar. Müsabiqədə iştirak edən şəkillər “Parabank”ın “Facebook” səhifəsində yerləşdirilir. Qalib gələn şəkillər toplanmış “Like” işarələrinin sayına əsasən müəyyənləşdiriləcək.
Müsabiqədə qalib gələn fotoşəkildəki uşağın adına I yer üçün 2000 manat, II yer üçün 1000 manat və III yer üçün 500 manat məbləğində əmanət hesabı açılacaq.
Qeyd edək ki, şəkillərin qəbulu sentyabr ayının 5-nə kimi davam edəcək. Şəkillər müəllifin adını, soyadını, əlaqə telefonlarını və uşağın adını qeyd edilməklə
[email protected] və ya
[email protected] elektron poçt ünvanına göndərilməlidir.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə “Facebook”da daimi səhifəyə malik olmalıdır. Müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq.