Palmali Şirkətlər Qrupu Türkiyədə qida sənayesi sahəsinə daxil olur
21 Aprel 2012 Şənbə 22:55
Mübariz Mənimov: Şirkətin hər bir gəmisində Azərbaycanla bağlı muzey var.
Yaxın vaxtlarda azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Türkiyədə qida sənayesi sahəsinə də daxil olacaq. Bunu ANS-ə eksklüziv müsahibəsində Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib.
Onun sözlərinə görə, şirkət bundan sonra fəaliyyətini digər istiqamətlərdə də genişləndirəcək: “Turizm sahəsinə də daxil olacağıq. Bu bizim üçün yenilikdir. Azərbaycanda qida sahəsində varıq. Yaxın bir ildə Türkiyədə də qida sektoruna daxil olacağıq”.
Amma buna baxmayaraq, şirkətin əsas fəaliyyət istiqamətinin gəmiçilik olduğunu deyən Mübariz Mənsimov bu gün dünya okeanında üzən şirkətə məxsus 273 gəminin yalnız biznes məqsədi daşımadığını bildirir.
Onun sözlərinə görə, bununla yanaşı biz Azərbaycanı təmsil edirik: “Biz gəmilərə Azərbaycanla bağlı ad veriririk. Bizim hər bir gəmimizdə Azərbaycan haqqında muzey var. Bumuzey onun tarixi, bugünkü siyasəti haqqındadır”.
Xatırladaq ki, dünyanın 40-a yaxın ölkəsində fəaliyyət göstərən şirkətlər qrupunda 45 mindən çox insan işləyir.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla geniş eksklüziv müsahibəni sabah saat 21:00-da ANS TV-də efirə gedəcək “Hesabat” verilişində izləyə bilərsiniz.
DOSTLARINLA PAYLAŞ: