Ötən il manat dollara nisbətən ucuzlaşıb
05 Yanvar 2010 Çərşənbə Axşamı 17:55
Ötən il manat dollara nisbətən ucuzlaşıb. Milli pul digər dünya valyutalarına nisbətdə bahalaşıb.
Ötən ilin dekabrında Azərbaycanın milli valyutası dollara nisbətən ucuzlaşsa da, digər dünya valyutalarına, o cümlədən avro və funt sterlinqə nisbətən bahalaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.

2009-cu ilin noyabr ayında bahalaşmasına rəğmən dekabrda manat ABŞ dollarına nisbətən 0,1% ucuzlaşıb. Ay ərzində 1 ABŞ dolları 0,8025 manatdan 0,8031 manata yüksəlib. Ümumilikdə il ərzində milli valyutamız ABŞ dollarına nisbətən 0,2% qiymətdən düşüb.

Manat ötən ay dollardan fərqli olaraq avroya nisbətən bahalaşıb. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 5,2% yüksəlib. Ay ərzində 1 avro 1,2130-dan 1,1499 manata kimi ucuzlaşıb. İl ərzində isə manat avroya nisbətən 3,4% ucuzlaşıb.

Manatın bahalaşdığı digər valyuta funt sterlinq olub. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 4,6% bahalaşıb. Ancaq 2009-cu ildə manat Britaniya puluna nisbətən 10% ucuzlaşıb.

Rus rublu manata nisbətən dekabrda 4,7%, il ərzində isə 3,3% ucuzlaşıb. İlin əvvəlində 1 rublun məzənnəsi 0,0275 manatdan ilin sonuna 0,0266 manata kimi dəyərsizləşib.

Dekabrda Yapon yenası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. İlin sonuncu ayında “gündoğar” ölkənin valyutası 6,3% ucuzlaşıb. Ay ərzində 100 Yapon yenası 0,9298 manatdan 0,8713 manata enib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar