Ötən il İpoteka Fondunun xətti ilə 95,54 milyon manat kredit verilib
06 Yanvar 2012 Cümə 17:19
2011-ci ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşməsi üçün 20 milyon manat ayrılıb.
Ötən il Mərkəzi Bankın nəznində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 95,54 milyon manat və ya 121 milyon dollar dəyərində kredit verilib. ANS PRESS-in Fondun saytında dərc edilən statistik hesabata istinadən verdiyi məlumata görə, dekabrda 9,66 milyon manat kredit ayrılıb.

AİF xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2011-ci ilə qədər 345,44 milyon manat məbləğində ipoteka krediti verilib. 2011-ci ildə əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 77 milyon manat təşkil edib.

2011-ci ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulduğu kimi 20 milyon manat ayrılıb. Adi ipoteka ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına maliyyələşdirilir. 2011-ci il ərzində AİF 77 milyon manat məbləğində istiqraz yerləşdirib.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

Xatırladaq ki, hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və 8 faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Qeyd edək ki, hazırda İpoteka Fondunun 26 müvəkkil bankı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar