Orta aylıq pensiyanın məbləği 114 manata çatacaq
16 Fevral 2011 Çərşənbə 13:13
"Kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaq"
Ötən il Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və uğurlu antiböhran tədbirləri sayəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 15 fevral 2011-ci il tarixdə "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncam verilib.

Sərəncama əsasən, DSMF tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.

Xatırladaq ki, Azərbaycan prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib.

Prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sonuncu Sərəncamı ilə 617 347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunacaq. Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaq.

Ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb. Maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar