Azərbaycanda pul kütləsinin (M2 aqreqatı) həcmi 2009-cu ilin mart ayının 1-nə 5 264,8 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 018,4 mln. manat və ya 24% artsa da, cari ilin əvvəlindən 816,2 mln. manat və ya 13,4% azalıb.
Pul kütləsinin azalması son illər ərzində ilk dəfə müşahidə olunub (2008-ci ilin oktyabrında 1,3%-lik azalma istisna olmaqla):
Göründüyü kimi, parallel olaraq nağd pulların (M0 aqreqatı) həcmində də azalma müşahidə olunur. Belə ki, nağd pulların həcmi martın 1-nə 3 666,9 mln. manat təşkil edib ki, bu da ötən ilin martın əvvəli ilə müqayisədə 1 101,7 mln. manat və ya 43% çox olduğu halda, cari ilin yanvar-fevral ayları ərzində 478,8 mln. manat və ya 11,6% azalıb.
Pul kütləsinin, o cümlədən nağd pulların həcminin azalması bank və fiskal sistemlərdən iqtisadiyyata, real sektora, sosial sahələrə və digər istiqamətlərə yönəldilən pul axınlarının daralmasının nəticəsi və göstəricisidir. Yəni, dövlət və özəl xətlərlə müxtəlif kredit, investisiya və birdəfəlik ödəmələr şəklində pul axını azalmaqdadır.
Qeyd edək ki, nağd pulların pul kütləsində xüsusi çəkisi martın 1-nə 69,7%, ilin əvvəlində 68,2%, ötən ilin martın 1-də isə 60,4% təşkil edib. Bu, yəni bu nisbətin 60-70% çərçivəsində olması, dünya praktikası baxımından yüksək qiymətləndirilsə də, Azərbaycanın makroiqtisadiyyatı üçün artıq son illər normaya çevrilib.
APA