Ölkədə işsizlər çoxalır
11 Aprel 2009 Şənbə 10:10
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə açıqlamasında deyib

İqtisadi böhranla əlaqədar Azərbaycanda fəaliyyətini dayandırmış müəssisələrin dəqiq sayı hələ ki, məlum deyil. Bununla belə, yanvar-fevral ayının nəticələrinə görə, işçilərin sayı 6 min nəfərə qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin şəxslərin iş yerini itirməsi müxtəlif amillərlə bağlıdır.
Belə ki, bəzi müəssisələr işçilərini məzuniyyətə göndərib, bir qismi isə ümumiyyətlə səbəb göstərmədən işdən çıxarıb. Arif Vəliyev bu prosesin davam edəcəyini, yəni işsiz vətəndaşların sayının getdikcə artacağını istisna etməyib. Komitə sədri onu da qeyd edib ki, son üç ayda iş yerlərinin itirilməsi barədə məlumatlar hələ dəqiqləşdirilməyib. «Bu məlumatlar ilin birinci rübünün nəticələri açıqlananda elan olunacaq. Hazırda bölgələrdən və müəssisələrdən toplanmış məlumatların hesablanması prosesi gedir və yəqin ki, birinci rübdə iş yerini itirmiş işçilərin dəqiq sayı yaxın günlərdə prezidentin iştirakı ilə Nazirlər Kabinetinin iclasında açıqlanacaq»,-deyə A.Vəliyev qeyd edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar