Obama: "BP cəzasını çəkməlidir"
16 İyun 2010 Çərşənbə 11:35
ABŞ prezidenti neftlə çirklənən ərazilərə səfərindən sonra Ağ evdə çıxış edib.
Birləşmiş Ştatların prezidenti Barak Obama Meksika körfəsində neftlə çirklənmiş ərazilərə sədər edib. O, səfərinin ikinci günü Florida çimərliklərində olub. Körfəz ərazisindəki okean suyunu nəzərdən keçirən B. Obama daha sonra Ağ evdə çıxış edib.
O bildirib ki, hökumət BP-nin vurduğu ziyanı ödəyənə qədər xalqın yanındadır: “Bu ərazilərin yenidən qurulması, regionun yenidən həyata qaytarılması və bu kimi qəzaların yenidən baş verməməsinə əmin olmalıyıq. Bu mənim Florida əhalisinə və körfəz əhalisinə vermək istədiyim sözdür”.
"BP düşüncəsizliyinin cəzasını çəkməlidir", deyə Obama əlavə edib.
Qeyd edək ki, amerikalıların üzləşdiyi təbii fəlakət Konqres nümayəndələri tərəfindən qəzəblə qarşılanıb. Beş əsas neft şirkətinin neft sızmasına qarşı planlarını öyrənən konqresmenlər onların hamısının neft sızmasına qarşı hazırlıqlı olmadıqlarını bildiriblər. Komitə sədri Henri Vaksman bu şirkətlərin də BP kimi sızmaya hazır olmadığını deyib. Onun sözlərinə görə, şirkətlərin hazırlığı sadəcə olaraq kağız üzərindədir.
“Chevron” şirkətinin rəhbəri Con Vatson təmsil etdiyi qurumun dərin qazma işlərinin təhükəsiz və ətraf mühitə heç bir kənar təsirləri olmayan işlər gördüyünü bildirib. C. Vatson indi əsas məsələnin əhalinin qazma işlərinə olan etibarını bərpa etmək olduğunu deyib.
“Exxon Mobile” şirkətinin idarə heyətinin rəhbəri Reks Tillerson isə bildirib ki, əgər BP özünün dərinlik quyusunu düzgün istifadə etsəydi, qəza baş verməzdi.
“Shell” şirkətinin rəhbəri Marvin Odum isə bildirib ki, dərinlik işlərinin araşdırılması zamanı aşkar edilən nəticələr onun bütün dünyada fəaliyyət göstərən şirkətlərində tətbiq olunacaq. Ümumilikdə bütün şirkət nümayəndələri BP-nin qazma işlərində səhvə yol verdiyini bildiriblər. Vaksmanın rəhbərlik etdiyi komissiyanın BP-nin amerikalı nümayəndəsi Lamar Makkeyi də dindirəcəkləri gözlənilir.
Xatırladaq ki, aprelin 22-si Meksika körfəzində "BP" şirkətinə məxsus platforma 36 saatlıq yanğından sonra batıb. Nəticədə körfəz suları neftlə çirklənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: