“NIKOYL BANK” öhdəliklərini yerinə yetirib
21 Oktyabr 2009 Çərşənbə 13:25
Bank BƏƏ, ABŞ, Almaniya və Bəhreynin maliyyə institutları ilə əlaqələrini inkişaf etdirir
“NIKOYL Bank” ötən ilin sentyabr ayında İran İslam Respublikasının Mərkəzi Bankından cəlb etdiyi 100 milyon avro həcmində banklararası kreditin bağlanması ilə əlaqədar hesablaşmaları vaxtında yerinə yetirdi. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəlb edilmiş vəsaitlər fiziki şəxslərin, kiçik və orta biznesin, regional fermer təsərrüfatlarının kreditləşməsinə, o cümlədən, yerli kommersiya banklarına banklararası kreditlərin verilməsinə yönəldilib.

“NIKOYL” İKB-nin İdarə Heyətinin Sədri Vasiliy Xamaza sözü gedən sövdələşməni şərh edərək qeyd edib ki, bu krediti effektiv və vaxtında edilmiş maliyyə əməliyyatı kimi qiymətləndirir: “Dünya maliyyə bazarında son bir il ərzində yaranmış çətinliklərə baxmayaraq, bankımız növbəti dəfə etibarlı borcalan olduğunu sübut etdi. Sözü gedən kreditin bağlanmasından sonra daha yaxşı şərtlərlə və daha uzunmüddətli kredit resurslarının cəlb ediləcəyinə inanırıq. Belə ki, İran Mərkəzi Bankı bizim kreditor kimi etibarlılığımızın və məsuliyyətliliyimizin şahidi oldu.

Bununla bərabər, əsasən kiçik və orta sahibkarları, fermerləri, büdcə sektorunun əməkdaşlarını əhatə edən əsas müştəri seqmentlərimizə 2010-cu ildə lazımi maliyyə dəstəyinin göstəriləcəyi imkanını da istisna etmirik. Bu məqsədilə BƏƏ, ABŞ, Almaniya və Bəhreynin bir sıra maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində iş aparırıq”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar