Neftin qiyməti arta bilər
30 Mart 2009 Bazar Ertəsi 11:40
Bu proqnozla Avropanın «Barclays Capital» investisiya şirkəti çıxış edib

Son vaxtlar dünya neft bazarında nikbinlik yaranıb və nəticədə, neftin 1 barrelinin qiyməti artıq 55 dollara yaxınlaşır. Yaranmış vəziyyəti şərh edən Avropanın «Barclays Capital» investisiya şirkətinin analitikləri neftin yaxın zamanlarda 60 dollaradək bahalaşacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, həmin proqnozları OPEK ölkələri tərəfindən neft hasilatı üzrə əldə edilmiş razılaşmaların icrası barədə məlumatların bazara müsbət təsiri, səhm bazarında yaranmış kotirovkaların yüksəlmə tendensiyaları, ucuzlaşan dollar və Amerika Birləşmiş Ştatlarında neft və neft məhsulları ehtiyatlarının bir qədər azalması barədə məlumatlar və amillər əsaslandırır.
«Barclays Capital»ın analitikləri hesab edirlər ki, fond bazarlarında yaranmış vəziyyət investorlar arasında nikbinliyin yarandığını əks etdirir. Bundan başqa, həftə ərzində Amerika Birləşmiş Ştatlarında yanacağa tələbatın 2,2%, yanacağın son istehlakının isə 0,7% artması, OPEK-in neft hasilatını azaltmağı davam etdirəcəyi barədə məlumatlar və bu kimi amillər neftin qiymətinin yaxın perspektivdə artacağı barədə gözləmələri gücləndirir. Digər tərəfdən, aprelin 2-3-də Londonda keçirilməsi nəzərdə tutulan «Böyük iyirmiliy»in sammitindəki nəticələrə də ümid bağlanılır. Belə ki, əgər toplantı nəticəsində «Böyük iyirmiliy»in liderləri arasında böhrana qarşı hər hansı vahid mövqe, tədbirlər planı və birgə mübarizə strategiyası təklif olunmazsa, investorların nikbinliyi sıfıra enəcək ki, bu da dərhal həm səhm, həm də neft bazarında enmə tendensiyalarının yaranmasına səbəb ola bilər. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar