Neftin qiyməti 100 dollar həddini keçdi
17 Yanvar 2011 Bazar Ertəsi 11:10
OPEK neftin istehsalını artırmaq niyyətində deyil.
Ötən istirahət günləri ərəfəsində neftin bir barrelinin qiyməti 100 dolları keçib. Belə ki, dünyada hökm sürən maliyyə böhranından sonra “Brent” markalı neftin bir barrelinin dəyəri 100.14 dollar təşkil edib.
Xatırladaq ki, böhranın başlandığı müddətdən bəri bütün ötən il ərzində “qara qızıl”ın qiyməti düşməkdə davam edib və 70-80 dollar civarında olub. Ötən ilin payızından isə əksinə neftin qiyməti yüksəlişə doğru üz tutub. Bu ayın ortasında isə Transalyask neft boru kəmərində qəzanın olması və boru kəmərinin bağlanılması səbəbindən neftin bir barrelinin qiyməti 100 dollara çatıb. Ancaq bu qiymət artımının nə vaxta qədər davam edəcəyini ekspertlər özləri dəqiq proqnoz verə bilmirlər.
İranın neft sənayesi naziri, Neft İxrac edən Ölkələrin Təşkilatı olan OPEK-in sədri Məsud Mirkazımi bildirib ki, neftin qiymətinin bahalaşması ilə bağlı heç bir fövqəladə iclas keçirməyəcək. Ötən həftə Misirin paytaxtı Qahirədə görüşən OPEK iştirakçıları ölkələrinin nazirləri həmçinin vurğulayıblar ki, neftin istehsalını da artırmaq niyyətində deyillər. Onların fikrincə, “qara qızıl”ın qiyməti olduqca stabildir və neft ixracatçıları ölkələrinin xammal ehtiyatları yaxşıdır. Onlar hətta neft hasilatının azaldılacağı ilə bağlı fikirlər də yürüdürlər. Çünki xammal ehtiyatının çatışmazlığı müşahidə olunmur.
2011-ci ildə neftin bir barrelinin qiyməti 100 dollar həddinə çata bilər. Bir sıra analitiklər deyir ki, hazırki qiymət artımı ilk növbədə bəzi Avropa ölkələrində soyuq qışın olması ilə bağlıdır. Ekspertlər həmçinin neftin qiymətinin artmasını dolların zəifləməsi ilə da bağlayırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: